Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Novruz dəyərləri, sülhü və tolerantlığı tərənnüm edən bayramdır”, ÖZEL
Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Novruz dəyərləri, sülhü və tolerantlığı tərənnüm edən bayramdır”, ÖZEL
Millet vekili Meşhur Memmedov,
“Yurdumuza Novruz bayramı gəlir. Milli adət-ənənələrin ayrılmaz parçası olan Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür. Novruz bayramı milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür.
İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Novruz ümumbəşəri dəyərləri, habelə sülhü və tolerantlığı tərənnüm edən bayramdır. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır.
2007-ci il Novruz bayramı ərəfəsində ölkənin Birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə – Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir.
Novruz ölkəmizin siyasi proseslərində də bayramlaşma təcrübəsinə səbəb olur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.
Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində yüzlərlə ailəni sevindir. Ölkə başçısı tərəfindən illərdir ənənəvi olaraq imzalanan əfv Sərəncamı Azərbaycan dövlətinin humanizm siyasətinin növbəti təzahürüdür.
Dörd ildir ki, ölkə rəhbərinin iştirakı ilə bayram tonqallarımız işğaldan azad edilən torpaqlarda qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır.
Ulu Öndər Heydər Əliyev Novruz bayramına böyük dəyər verirdi. Yazımı ümummilli liderimiz Heydər Əliyevin Novruz bayramı haqqında dediyi dəyərli sözlərlə sonlandırmaq istəyirəm:
“Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”.
Ülker PİRİYEVA/AZERBAYCAN